Kate Beckinsale
İngilis aktrisası Keyt Bekinseyl 26 iyul 1973-cü ildə Londonda, teatr və televiziya aktrisası Cudi Lo və 1979-cu ildə, 31 yaşında vəfat etmiş məşhur televiziya aktyoru Riçard Bekinseylin ailəsində doğulub. Keytin böyük bacısı Samanta da aktrisadır.
London məktəblərinin birində təhsil alan Keyt gənc yazarlar arasında birinci yer tutsa da, məktəbi bitirdikdən sonra valideynlərinin yolunu davam etdirərək aktyorluq karyerasına başlayır.
O, ilk rolunu "Tək küləyə qarşı" (1991) televiziya filmində oynayır. Bundan sonra Keyt Oksford Universitetinin yeni kollecində fransız və rus ədəbiyyatını öyrənsə də, elmi dərəcə ala bilmir. Amma onun xarici dillərlə tanışlığı rollarının əhatəli olmasına imkan verir. Aktrisa "FHM" jurnalında "Dünyanın 100 ən seksual qadını" (2006) siyahısında 78-ci, "Maxim" jurnalının "HOT 100" (2003) reytinq sorğusunda 16-cı, "Stiff" jurnalında 63-cü yerlərdə olsa da, "Hello" jurnalı 2002-ci ildə Keyti İngiltərənin birinci gözəli seçir.
Aktrisanın ilk böyük filmi olan "Dağıdılmış saray" (1999) kommersiya uğuru qazanmadı. Lakin aktrisa çox tezliklə "Perl Harbor" (2001) filminə çəkilir və bu, ilin ən uğurlu filmi olur. Növbəti illərdə Keyt Amerikanın bahalı filmlərinə - "İntuisiya" (2001), "Başqa dünya" (2003) və "Van Helsinq"ə (2004) çəkilir. Maraqlı məqam budur ki, aktrisa "Aviator" filmindəki Avı Hardner roluna görə cəmi 20 funt qonorar alır.